
Böyrək daşı necə düşürülür? Müasir müalicə üsulları (ESWL, URS, RİRS, PNL)
Böyrək daşı necə düşürülür? Kiçik daşların öz-özünə düşməsi, ESWL, URS, RİRS və PNL üsulları, təcili hallar və daşdan qorunma yolları — uroloq izah edir.
Bu məqalədə böyrəklərdə, sidik axarlarında, sidik kisəsində və sidik kanalında rast gəlinən daşlar, onların əlamətləri, müayinə və müalicəsi haqqında danışacağıq.
Daşlar uroloji xəstəliklər içərisində ən çox görülən problemlərdən biri olub, kəskin ağrı, sidikdə qan, temperatur, ürəkbulanma kimi şikayətlərlə xəstələrin həkimə müraciət etməsinə səbəb olan problemlərdəndir. Ancaq bütün hallarda bu əlamətlər görülmür. Bəzən çox böyük ölçülü daşlar təsadüfi müayinələr zamanı aşkarlanır. Yuxarıda yazdığımız əlamətlər hansı hallarda görülür? Gəlin, bu haqda danışaq.
Ağrı – daşın hərəkəti və sidik yollarına düşməsi səbəbi ilə böyrəkdə genişlənmənin artması səbəbindən yaranır. Demək olar ki, daş varlığında xəstələrin həkimə gəlməyə məcbur edən ilk əlamət olur.
Sidikdə qan – daşın hərəkəti və nəticədə sidik yollarının divarında qansızmalar nəticəsində görülür.
Temperatur və ürəkbulanma – bu əlamətlərin görülməsinə səbəb böyrəklərdə yaranan durğunluğa ikincili infeksiyanın qoşulmasıdır. Təcili tədbirlərin görülməsinə siqnal verir.
Yaranma səbəbləri: Dəqiq səbəbi məlum olmasa da, genetik faktorlar, böyrək quruluş anomaliyaları, qidalanma və yaşam tərzi daşın yaranmasına təsir edən faktorlardır.
Diaqnozu: Diaqnozun təsdiqlənməsində əsas müayinə üsulu sadə (kontrastsız) kompyuter tomoqrafiyadır.
Daşların müalicəsi: Müalicədə dərman və cərrahi üsullardan istifadə edilir. Seçim daşın ölçüsündən, sıxlığından və yerləşməsindən asılı olaraq dəyişir.
Dərman müalicəsi kiçik ölçülü, düşmə ehtimalı olan daşlarda istifadə edilir. Məqsəd daşın özbaşına düşməsini təmin etməkdir. Temperatur və ciddi intoksikasiya olan hallarda dərman müalicəsi göstəriş deyil. Təcili tədbirlər görülməli və sidik axını bərpa olunmalıdır.
Cərrahi müalicələr: Daşların cərrahi yolla təmizlənməsinin, çıxarılmasının müxtəlif yolları var. Burada hansı üsulun seçilməsi daşın ölçüsü, yerləşməsi, sıxlığından asılı olaraq dəyişir.
Cərrahi müalicələr hansılardır?
RİRS (fleksibl ureteroskopiya) – ucu bükülə bilən nazik endoskopla sidik kanalı və sidik axarı vasitəsilə böyrəyin içinə daxil olunur. Alətin ucu əyildiyi üçün böyrəyin bütün kasacıqlarına çatmaq mümkündür. Daş lazerlə xırda hissələrə və ya toz halına salınaraq xaric edilir. Adətən 2 sm-ə qədər böyrək daşlarında istifadə olunur.
URS – daş sidik axarında olduqda aparılır. Təbii yolla, sidik kanalından daxil olaraq daş lazerlə parçalanır və xaric edilir.
RİRS və URS təbii yolla (sidik kanalından) daxil olaraq aparılır. Üstünlüyü dəridə kəsik olmaması və bərpa dövrünün qısa olmasıdır. Əməliyyatın sonunda sidik axarına müvəqqəti ureteral (JJ) stent qoyulub-qoyulmaması daşın ölçüsündən, əməliyyatın gedişindən, ödem və infeksiya riskindən asılıdır; ağırlaşmasız hallarda stent hər zaman lazım olmur. Stent qoyulduqda adətən 1–4 həftə sonra kəsiksiz, ambulator qaydada çıxarılır. Stent kənardan görünmür, bəzi pasiyentlərdə sidiyə gedərkən yüngül narahatlıq yarada bilər.
Perkutan nefrolitotripsiya (PNL) – böyrəyə kənardan (beldən) kiçik bir dəliklə daxil olaraq daş parçalanır və su ilə yuyularaq xaric edilir. Bu üsul böyük ölçülü (adətən 2 sm-dən böyük) daşlarda, həmçinin bir böyrəkdə çoxsaylı daşlar olduqda istifadə edilir.
Təkrar daş yaranmanın qarşısını almaq mümkündürmü? Xəstələrin ən çox verdiyi suallardan biri budur. Təkrar daş yaranma riskini tam aradan qaldıran üsul yoxdur, amma onu xeyli azaltmaq mümkündür. Müalicə dövründə və müalicədən sonra xəstələrə ən çox tövsiyə etdiyimiz şey bol maye qəbul etmək və hərəkətli olmaqdır. Bunlara müalicə kimi yox, yaşam tərzi kimi yanaşmaq lazımdır. Həmçinin biz icra etdiyimiz əməliyyatlarda əldə etdiyimiz daş nümunələrini müayinə edib həmin daşa uyğun pəhriz (dieta) məsləhət görürük. Bununla daş yaranma ehtimalını minimuma endiririk.
Mənbə: EAU Guidelines on Urolithiasis. Bu məlumat həkim müayinəsini əvəz etmir. Müəllif: Dr. Seymur Mehtiyev, uroloq-androloq. Yenilənib: 22.11.2026.
Bu bölmədə maraqlı və maarifləndirici məlumatlar əldə edə bilərsiniz

Böyrək daşı necə düşürülür? Kiçik daşların öz-özünə düşməsi, ESWL, URS, RİRS və PNL üsulları, təcili hallar və daşdan qorunma yolları — uroloq izah edir.

Cinsi zəifliyin (erektil disfunksiya) səbəbləri və müasir müalicəsi: ESWT, PRP, protez. Uroloq-androloq məsləhəti.

Erkən boşalmanın səbəbləri və müalicə üsulları: davranış texnikaları, dərman, dolğu. Dürüst tibbi məlumat.

Qidalar penis ölçüsünü böyüdürmü? Dürüst tibbi cavab, cinsi sağlamlığı dəstəkləyən qidalar və ölçünü real dəyişən üsullar haqqında.
Sizdən gələn suallar haqqında buradan məlumat əldə edə bilərsiniz. Səhifəmizdə hər dəfə yeni məlumatlar paylaşırıq. Səhifəmizi izləyərək yeniliklərdən xəbərdar ola bilərsiniz.
Dr. Seymur Mehtiyev. Uroloq-androloq. All rights reserved.