Böyrək və sidik axar daşları

Bu məqalədə böyrəklərdə, sidik axarlarında, sidik kisəsində və sidik kanalında  rast gəlinən daşlar, onların əlamətləri, müayinə və müalicəsi haqqında danışacağıq.

 Daşlar uroloji xəstəliklər içərisində ən çox görülən problemlərdən biri olub, kəskin ağrı, sidikdə qan, temperatur, ürəkbulanma kimi şikayətlərlə xəstələrin həkimə müraciət etməsinə səbəb olan problemlərdəndir. Ancaq bütün hallarda bu əlamətlər görülmür. Bəzən çox böyük ölçülü daşlar təsadüfi müayinələr zamanı aşkarlanır. Yuxarıda yazdığımız əlamətlər hansı hallarda görülür? Gəlin, bu haqda danışaq.

  Ağrı – daşın hərəkəti və sidik yollarına düşməsi səbəbi ilə böyrəkdə genişlənmənin artması səbəbindən yaranır. Demək olar ki, daş varlığında xəstələrin həkimə gəlməyə məcbur edən ilk əlamət olur.

 Sidikdə qan – daşın hərəkəti və nəticədə sidik yollarının divarında qansızmalar nəticəsində görülür.

 Temperatur və ürəkbulanma – bu əlamətlərin görülməsinə səbəb böyrəklərdə yaranan durğunluğa ikincili infeksiyanın qoşulmasıdır. Təcili tədbirlərin görülməsinə siqnal verir.

Yaranma səbəbləri: Dəqiq səbəbi məlum olmasa da, genetik faktorlar, böyrək quruluş anomaliyaları, qidalanma və yaşam tərzi daşın yaranmasına təsir edən faktorlardır.

Diaqnozu: Diaqnozun təsdiqlənməsində əsas müayinə üsulu sadə (kontrastsız) kompyuter tomoqrafiyadır.

Daşların müalicəsi: Müalicədə dərman və cərrahi üsullardan istifadə edilir. Seçim daşın ölçüsündən, sıxlığından və yerləşməsindən asılı olaraq dəyişir.

 Dərman müalicəsi kiçik ölçülü, düşmə ehtimalı olan daşlarda istifadə edilir. Məqsəd daşın özbaşına düşməsini təmin etməkdir. Temperatur və ciddi intoksikasiya olan hallarda dərman müalicəsi göstəriş deyil. Təcili tədbirlər görülməli və sidik axını bərpa olunmalıdır.

 Cərrahi müalicələr: Daşların cərrahi yolla təmizlənməsinin, çıxarılmasının müxtəlif yolları var. Burada hansı üsulun seçilməsi daşın ölçüsü, yerləşməsi, sıxlığından asılı olaraq  dəyişir.

Cərrahi müalicələr hansılardır?

 Flexible RİRS – Daş əməliyyatları içində ən müasir üsul olub, istifadə edilən alətin ucunun əyilməsi hesabına böyrəyin bütün hissələrinə daxil olmaq mümkündür. Daş aşkar edildikdən sonra lazer vasitəsilə daş xırda hissələrə  parçalanaraq  xaric edilir.

 URS -Daş sidik axarında olduqda bu əməliyyat icra edilir. Təbii yolla, sidik  kanalından daxil olaraq daş lazerlə parçalanaraq xaric edilir.

 RİRS – Daş böyrək ləyənində olduqda rijid (sərt) alətlə sidik kanalından daxil olaraq daş parçalanır və xaric edilir.

 Sadaladığımız bütün bu üsullar təbii yolla (sidik kanalından) daxil olaraq  edilir. Üstünlüyü heç bir kəsik aparılmadan edilməsi və qısa bərpa dövrünün olmasıdır. Əməliyyatın sonunda sidik axarına ureteral stent qoyulur, 2-4 həftə sonra bu stent çıxarılır. Stent kənardan görülmür. Ciddi bir diskomfort yaratmır.

 Perkutan nefrolitotripsiya – Böyrəyə kənardan (beldən) kiçik bir dəliklə daxil olaraq daş parçalanır və su ilə yuyularaq xaric edilir. Bu üsul böyük ölçülü daşlarda, həmçinin bir böyrəkdə çoxsaylı daşlar olduqda istifadə edilir.

 Təkrar daş yaranmanın qarşısını almaq mümkündürmü? Xəstələrin ən çox verdiyi suallardan biri budur. Daş yaranmanın qarşısını alacaq bir metod yoxdur. Sadəcə müalicə dövründə və müalicədən sonra xəstələrə ən çox tövsiyə etdiyimiz şey bol maye qəbul etmək, hərəkətli olmaqdır. Bunlara müalicə kimi yox, yaşam tərzi kimi yanaşmaq lazımdır. Həmçinin biz icra etdiyimiz əməliyyatlarda əldə etdiyimiz daş nümunələrini müayinə edib həmin daşa uyğun pəhriz (dieta) məsləhət görürük. Bununla  daş yaranma ehtimalını minimuma endiririk.

Bloq məqalələri

Bu bölmədə maraqlı və maarifləndirici məlumatlar əldə edə bilərsiniz

Penil protez

Cinsi zəiflik-penisin sərtləşməməsi və ya cinsi əlaqəyə girmədən yumşalmasıdır. Orqanik (altda yatan bir səbəb var)

Daha ətraflı

URS nədir?

URS (uretrorenoskopiya) –sidik kanalına(uretra), sidik axarlarına və böyrəyə ureteroskopla daxil olaraq,daşların parçalanması prosesidir. Əməliyyat anesteziya

Daha ətraflı