Böyrək daşı, tibdə “nephrolithiasis” və ya “urolithiasis” olaraq bilinən, böyrəklərdə yığılan sərt maddələrə verilən addır. Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn bir xəstəlikdir. Normal halda böyrəklərdə bu çöküntülərin qarşısını alan maddələr var, amma bəzi hallarda bu qoruyucu mexanizm təsirini itirir.
Əksər hallarda kişilərdə rast gəlinsə də, bəzi növ daşlar daha çox qadınlarda rast gəlinir.
Böyrək daşları dəyişik ölçü, tərkib, şəkil və rəngdə ola bilər. Dəniz qumu zərrəsindən qolf topu böyüklüyünə qədər daşa rast gəlinə bilir. Çoxu düz və oval şəkillidir. Bəziləri çıxıntılı və haçalanmış ola bilər. Daşın rəngi kimyəvi birləşmələrdən asılıdır. Çoxu sarı-qəhvəyi, bəziləri qaradır.
Rastgəlmə tezliyi:
Olduqca sıx görülən bir xəstəlikdir. Kişilərin 10-15%-i, qadınların 5%-də görülür. İlk olaraq 20-30 yaşlarda ortaya çıxır. Xüsusilə kişilərdə, bir dəfə daş yaranmış kişilərin 2/3-də təxmini 9 il içində daş təkrarlanır.
Böyrək daşı yaranmasının səbəbləri aşağıdakılardır:
- Az maye qəbulu
- Qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu)
- Genetik faktorlar
- Sidik yolu infeksiyaları
- Böyrəyin anatomik anomaliyaları
- İsti iqlim qurşağı
- Bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar
- Sidikdə normadan artıq kalsium, sistin, oksalat atılımı
- Sidik pH-da dəyişiklik( mühitində)
- Əvvəllər böyrək daşı olanlar
- Sidik yollarında yad cisimlər
- Uzun müddət hərəkətsiz qalma
- Artıq çəki
Qaraciyər çatmazlığı, D hipervitaminozu kimi bəzi xəstəliklər daş yaranmasını asanlaşdırır.
çox urat və oksalat daşlarına təsadüf edilir. Bu daşlar böyrəkdə qalar və ya hərəkət edərək sidik axarına və sidik kisəsinə düşə bilər.
Böyrək daşının əlamətləri nələrdir?
Xəstəlik əlamətləri daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütövlükdə tutarsa, klinikası daha ağır gedişli olur. Bu tıxanma nəticəsində sidiyin geri yığılması ilə sidik yollarında tez-tez iltihab və ciddi böyrək zədələnmələri yaranır. Belə vəziyyət uzun müddət davam edərsə böyrək iltihabına və ya hidronefroz deyilən böyrək divarının incəlməsi və böyüməsinə səbəb olar.
Böyrək daşları hərəkət edib sidik yollarına və sidik kisəsinə düşə bilər. Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələnməyə səbəb olur və xəstədə dözülməz ağrılar verir.
Əsas əlamətləri:
- Dözülməz ağrılar
- Sidikdə qan (gözlə görülə bilən və ya mikroskopik qanlı sidik)
- Ağrı davamlı ya da təkrarlayan ola bilir
- Şiddətli ağrı
- Ürəkbulanma və qusma
- Pis iyli sidik ifrazı
- Sidik ifrazı zamanı yanma hissi
- Temperatur və titrəmə (infeksiya varsa)
- Daş sidik kisəsində olduqda xüsusilə qarının alt hissəsində ağrı.
Böyrək daşı tipləri
Kalsium oksalat və kalsium fosfat daşları.
Bütün daşların 75%-ni təşkil edir. Kalsium bütün orqanizm üçün önəmli olan bir mineraldır. Sümüklərin və dişlərin əsasını təşkil edir, əzələ yığılması və digər əhəmiyyətli funksiyalarda rol oynayırlar. Qidalarla alınan kalsiumun bədənin ehtiyacı olan hissəsi bağırsaqlardan sorulur, lazım olmayan hissəsi isə böyrəklərdən atılır. Bəzi insanlarda kalsiumun böyrəklərlə atılması artır və kalsium oksalat daşları əmələ gəlir. Kalsium oksalat daşı yaranmasının 40%-də ailədən keçən (irsi) faktorlara bağlıdır. Bəzilərində proses istifadə olunan dərman preparatları ilə əlaqəlidir. Digər səbəblər isə qalxanabənzər ətraf vəzin hiperfunksiyası, yüksək miqdarda C vitaminin qəbulu dur.
Sitrat sidikdə kalsium və oksalatın birləşərək kristal yaratmasının qarşısını alan bir maddədir. Sitratın azalması da daşın yaranma səbəbidir
İnfeksiyalı daşlar:
Böyrək daşlarının 10-15%-de sidik yolu infeksiyası mövcuddur. Qadınlarda sidik yolu infeksiyasına daha çox rast gəlinir
Urat daşları:
Böyrək daşlarının 10%-ni təşkil edir. Bu normal orqanizm metabolizması ilə yaranan bir maddədir. Qanda həll olaraq böyrəyə daşınır və buradan sidiklə atılır. Orqanizmdə mədə- bağırsaq sistemi pozulmaları, bəzi dərmanların qəbulu, köklük, çoxlu ət istifadə edilməsi bu tip daşların yaranma səbəbləridir.
Sistin daşları:
Anadangəlmə metabolik pozuntuları olan bəzi insanlarda sidikdə çox miqdarda sistin atılır və bu da yığılaraq daş əmələ gətirir. Bütün daş növləri içində ən nadir görülən tipidir. Müalicəsi digər daşlara görə daha çətindir və belə xəstələrə ömür boyu müşahidə gərəkdir.
Böyrək daşlarında pəhriz
Oksalat daşları zamanı pəhriz
Məsləhətdir:
Heyvani və bitki yağları, yumurta ağı, ət, balıq, quş əti, boyat ağ və qara çörək, tərəvəzlər (xiyar, balqabaq, ağ kələm), meyvələr (turş olmayan alma, armud, ərik, banan, heyva, şaftalı), tərəvəz şorbası, oksalitin çayı, 2 litrə qədər maye (zəif qələvi mineral sular, şirələr, gicitkən, cökə, gülümbahar dəmləmələri).
Qadağandır:
Tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (qara qarağat, çiyələk, limon, portağal, naringi), şokolad, kakao, qəhvə, tünd çay, kalsium və C vitamini tərkibli mineral sular və preparatlar.
Məhdudlaşdırılır:
Xörək duzu, ədviyyatlar, süd və süd məhsulları, tərəvəzlər (badımcan, yerkökü, çuğundur, paxlalılar, soğan, pomidor, bolqar bibəri, cəfəri, göbələk), yağlı ət çeşidləri, qaraciyər.
Urat daşları zamanı pəhriz
Məsləhətdir:
Qələvi mineral sular, süd və süd məhsulları (pendir, kəsmik), kərə yağı, yumurta, tərəvəzlər (badımcan, bolqar bibəri, kartof, pomidor, cəfəri, dəfnə), yarmalar (buğda yarması, qarabaşaq), qoz, şəkər, şirin meyvələr, limon, uralitin çayı, şirniyyatlar, buğda və çovdar çörəyi, makaron məmulatları.
Qadağandır:
Ət məhsulları (qaraciyər, böyrək, dil, beyin, dana əti, yağlı ət çeşidləri), piylər, qatı ət və balıq bulyonları, qırmızı şərab, pivə, şokolad, kalsium tərkibli mineral sular.
Məhdudlaşdırılır:
Duz, ədviyyat, qəhvə, tünd çay, kakao, dəniz və çay balıqları, paxlalılar, mayalı çörək, tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (əncir, moruq).
Fosfat daşları zamanı pəhriz
Məsləhətdir:
Çörək və un məmulatları, heyvani və bitki yağları, bütün ət çeşidləri, balıq, yumurta, yarmalar, az miqdarda xama, tərəvəzlər (balqabaq, yaşıl noxud, lobya, göbələk), meyvələr (turş alma sortları, qaragilə, qarağat), açıq dəmli çay, qəhvə, kakao, itburnu dəmləməsi, fosfalitin çayı, şəkər, bal, qənnadı məmulatları.
Qadağandır:
Mayalı çörək, süd və süd məhsulları (kəsmik, pendir, qatıq), tərəvəzlər (kartof, kələm, yerkökü, çuğundur, kabaçki, xiyar, pomidor), meyvə və tərəvəz şirələri, duzlu və hisə verilmiş ət və balıq, piylər.
Diaqnoz qoymaq üçün gərəkli olan müayinə və testlər:
Sidik ifrazat sistemin rentgenoqrafiyası
Ultrasəs müayinəsi (USM)
Venadaxili Pieloqrafiya—vena daxili yeridilən maddə ilə sidik yollarının görüntülənməsi
Kompüter tomoqrafiyası (KT)
Daşın tipini müəyyən etmək üçün gərəkli olan testlər:
Daş analizi
Qan testləri
24 saatlıq sidik müayinəsi: daş yaranmasında önəmli olduğu bilinən maddələr (kalsium, oksalat, sitrat və s.) və sidik mühitinin (pH) müayinəsi
Sosial şəbəkələrdə mən
Facebook Instagram Youtube Whatsapp
Digər məqalələr
Böyrək daşı nədir?
23 Noyabr 2022 14:57 Şərh edilməmiş
Böyrək daşı, tibdə “nephrolithiasis” və ya “urolithiasis” olaraq bilinən, böyrəklərdə
Xaya burulması (testis torsiyonu) nədir?
23 Noyabr 2022 14:59 Şərh edilməmiş
Xayanın öz ətrafında burulması damarların xayanın qan dövranını təmin edə
URS nədir?
23 Noyabr 2022 14:58 Şərh edilməmiş
URS (uretrorenoskopiya) – sidik kanalına (uretra) və böyrəyə uretrerenoskopla daxil